AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix və Etnologiya İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Feb 08, 2024 | 11:24 Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası-100 il: uğurlar və perspektivlər” mövzusunda respublika elmi konfransın keçirilib.

Konfransı giriş sözü ilə açan institutun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublika tarixində əlamətdar hadisə olmaqla yanaşı, Naxçıvanın ölkənin tarixində rolunu diqqətə çatdırıb. Naxçıvan Azərbaycanın çoxəsrlik zəngin tarixində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.

Daha sonra tarix elmləri doktoru professor İkram Ağasiyev “1920-1924-cu illərdə “Naxçıvan məsələsi” və Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılması” adlı məruzə ilə çıxış edib. İ.Ağasiyev bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi  tamam olur. 1920-ci ilin 28 aprelində AXC-nin XI Qırmızı Ordu tərəfindən işğalından sonra Naxçıvan məsələsi RSFSR ilə Ermənistan və Türkiyə ilə RSFSR arasında danışıqlar mövzusuna çevrilmişdir. 1920-ci ilin iyun ayında Naxçıvan əhalisinin Ermənistanın hərbi təcavüzündən qorumaq üçün bölgədə Veysəl Ünüvarın başçılığı ilə türk qoşun hissələri yerləşmişdilər.1920-ci ilin iyulunda XI Ordu qüvvələri Naxçıvana göndərilmiş və burada bolşevik hakimiyyəti qurulmuşdu. 1920-ci il dekabrın 2-də Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişlə Naxçıvan məsələsi yeni bir mərhələyə qədəm qoyur.  Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınmışdır. Bununla da Naxçıvanın muxtariyyət məsələsi gündəmə gəlmişdir. Nəticədə, 1921-ci il martın 16-da  Moskvada RSFSR ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi imzalandı. Müqavilənin hazırlanması zamanı Türkiyə Naxçıvan məsələsinə böyük əhəmiyyət verdi. Atatürk Naxçıvanı “Türk qapısı” adlandırdı, çünki Naxçıvan Azərbaycanla Türkiyə arasında ən yaxın məsafə idi. Moskva müqaviləsinin 3-cü maddəsinə görə, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədlər daxilində, Azərbaycanın himayəsi altında, Naxçıvan vilayətinin muxtar ərazi olmasına razılıq verirdilər, bu şərtlə ki, Azərbaycan bu ərazini üçüncü dövlətə güzəştə getməyəcək. Beləliklə, Naxçıvan məsələsinin Azərbaycanın xeyrinə həll olunmasında Türkiyə böyük rol oynadı. Rusiya Naxçıvanı Azərbaycanın tərkib hissəsi hesab etdikdən sonra Türkiyə qoşununu Naxçıvandan çıxardı. Naxçıvan məsələsi 1921-ci il sentyabr-oktyabr aylarında Qars şəhərində Türkiyə, RSFSR, Cənubi Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan, Ermənistan) nümayəndələrinin iştirakı ilə keçirilən konfransda da müzakirə olundu və 1921-ci il oktyabrın 13-də Türkiyə, Azərbaycan SSR,  Gürcüstan SSR, RSFSR və Ermənistan SSR tərəfindən bağlanmış Qars müqaviləsində də yer aldı. Qars müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsinə əsasən, Naxçıvan Azərbaycan ərazisi kimi təsdiqləndi. Müqaviləyə əsasən Naxçıvanın sərhədləri və gələcək statusu qəti müəyyən edildi. Beləliklə Ermənistanın Naxçıvanı özü birləşdirmək cəhdlərinin qarşısı alındı. Lakin buna baxmayaraq 1920-ci illərin sonu-30-cu illərin əvvəllərində Zaqafqaziya MİK-nin qərarı ilə Naxçıvanın MSSR-nin 657  kv. km ərazisi Ermənistan SSR verildi. Bu isə Moskva və Qars beynəlxalq müqavilələrinin kobudcasına pozulması demək idi.

1922-ci ilin yazında Naxçıvan haqqında Əsasnamə qəbul olundu. Əsasnaməyə əsasən 1922-ci ilin yazında Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) yaradıldı və NSSR-ə Azərbaycanın tərkibində muxtar respublika statusu verildi.1923-cü ilin fevralından dekabrın sonuna kimi Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar ölkə olmuşdur. 1923-cü il dekabrın 31-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan ölkəsinin yenidən Azərbaycan SSR-in tərkibində Naxçıvan SSR-ə çevrilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 09 fevral 1924-cü il tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı.

Sonra tarix üzrə fəlsəfə doktoru dosent Kamran İsmayılov “Naxçıvan 1919-cu ilin yayında: Azərbaycanın hərbi-siyasi tarixinin dönüş mərhələsi”, tarix üzrə fəlsəfə doktoru dosent Əzizə Nəzərli “XI Qızıl Ordunun Naxçıvanı işğal etməsi və  bolşevik terrorunun başlanması”, tarix üzrə fəlsəfə doktoru Raisa Cəfərova “1920-ci illərdə Naxçıvan MSSR-in Ermənistan SSR-lə sərhədləri”, tarix üzrə fəlsəfə doktoru İlham Əliyev “1920-1930-cu illərdə Naxçıvan MSSR-də hüquq mühafizə orqanlarının fəaliyyətində hüquqa zidd aspektlər”, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov “Naxçıvan MSSR-in yaranmasının geosiyasi aspektləri”, tarix üzrə fəlsəfə doktoru dosent  Aypara Rüstəmova “1945-1950-ci illərdə AMEA Naxçıvan bölməsinin fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru dosent Nigar Axundova Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı haqqında (XX əsrin sonu – XXI əvvəllərdə), tarix üzrə fəlsəfə doktoru dosent Alı Balayev “Naxçıvan II Qarabağ-Vətən müharibəsində”, tarix üzrə fəlsəfə doktoru dosent Əsəd Qurbanlı “1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiya olunun azərbaycanlıların Naxçıvan MSSR-də məskunlaşdırılması”, Milli Azərbaycan Tarix Muzeyi, ”Vətən müharibəsi” fondunun müdiri Şəfa Mövsümov “Naxçıvan MSSR-in II Dünya müharibəsində iştirakı məsələsi Azərbaycan sovet tarixşünaslığında” adlı geniş məruzələrlə çıxış ediblər.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023